serverin.biz

Dünya mediası Azərbaycandan bəhs edir


  Azərbaycanın sosial-itisadi inkişafı, əldə etdiyi nailiyyətlər,ölkəmizdə uzun əsrlər boyunca formalaşmış multikultural dəyərlər, tollerant cəmiyyət beynəlxalq ictimaiyyət üçün də maraq kəsb edir. Dünya mediasının Azərbaycana marağı, ölkəmizlə bağlı nüfuzlu KİV-lərdə materialların çap olunması da bu marağın ifadəsidir. Hər həftə dünyanın müxtəlif ölkələrinin media orqanlarında mütləq Azərbaycanla bağlı yazılara rast gəlinir. Bu materiallarda ölkəmizin müxtəlif istiqamətlər üzrə əldə etdiyi uğurlar oxucuların diqqətinə çatdırılır, Azərbaycanın inkişafından bəhs olunur. Son on gün ərzində dünya mediasının Azərbaycanla bağlı xronikasını nəzərdən keçirək. Teltower Stadtblatt: IV İslam Həmrəyliyi Oyunlarında rekord iştirakçı sayı Almaniyanın “Teltower Stadtblatt” qəzetində IV İslam Həmrəyliyi Oyunlarına dair “Bakıdakı Həmrəylik Oyunlarında rekord iştirakçı sayı” sərlövhəli məqalə dərc edilib. Məqalədə qeyd olunub ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 54 müsəlman ölkəsindən 3 min atlet iştirak edib ki, bu da əvvəlki oyunlarla müqayisədə rekorddur. Atletlər 270 dəst medal uğrunda mübarizə aparıblar. İslam Həmrəyliyi Oyunlarının tarixindən bəhs olunan məqalədə bildirilib ki, ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmiş İslamiada beynəlxalq idman aləmində mühüm tədbirlərdən birinə çevrilib. Yazıda Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarovun “Bakı-2017” ilə bağlı aşağıdakı fikirləri oxucuların diqqətinə çatdırılıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi. Ölkəmiz bununla müsəlman dünyasının birliyinə və həmrəyliyinə töhfə verməyə çalışdı. Bu idman tədbirinin keçirilməsi ilə Azərbaycan həm də dünyaya İslamın sülh və həmrəylik dini olmasına dair mühüm mesajlar verdi. Azərbaycan hələ 2015-ci ildə idman tarixində ilk dəfə Avropa Oyunlarını keçirib, bu dəfə isə İslam Oyunlarına ev sahibliyi etdi. Bu, ölkəmizin sivilizasiyalar arasında körpü rolu oynamağa və beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqu təşviq etməyə çalışmasının göstəricisidir”. “The Jewish Press”: Azərbaycan ruhlandırıcı nümunə göstərir “The Jewish Press” Amerika-yəhudi nəşrində amerikalı ravvin İzrail Barukun “Azərbaycan ruhlandırıcı nümunə göstərir” sərlövhəli məqaləsi dərc edilib. Materialda Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edilir. Ravvin Baruk Amerikadakı yəhudi qəbiristanlarında törədilmiş vandalizm, son aylarda orada məzarüstü daşların aşırılması və məzarların murdarlanması faktlarına görə heyrətləndiyini bildirərək oxucuların diqqətini Azərbaycana cəlb edir. Müəllif vurğulayır ki, bu ölkədə yəhudi icması heç vaxt qeyri-tolerantlıq və antisemitizm halları ilə qarşılaşmır. Baruk yazır ki, o, Bakıda səfərdə olarkən başında kipa olduğu halda şəhərin küçələrində rahatca gəzirdi. Müəllif vurğulayır ki, yəhudi dininin bu aşkar rəmzinə baxmayaraq ətrafdakı adamların ona neqativ baxışlarını hiss etməyib. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan mədəniyyəti ölkə hüdudlarında bütün dini azlıqları dəstəkləyir. Ravvin Azərbaycan yəhudi icmasından söhbət açaraq qeyd edir ki, bu ölkədə yaşayan 30.000 yəhudi arasında dağ yəhudiləri daha qədim tarixə malikdir. Ravvin Azərbaycan nümunəsini müzakirə edərək vurğulayır ki, Birləşmiş Ştatlar azadlıq, imkanlar və dözümlülük diyarıdır. Ona görə, Azərbaycan kimi ABŞ da dünyaya göstərməlidir ki, sülh və həmrəylik, tolerantlıq şəraitində yaşamaq olar. Müəllif vurğulayır ki, dözümsüzlüyün get-gedə artmaqda olan təhdidə çevrildiyi müasir dünyada bir şəraitdə Azərbaycandan öyrəniləsi məsələlər var. Ravvin məqalənin sonunda qeyd edir ki, dünya ölkələri bu kiçik tolerant ölkəyə diqqət yetirməlidirlər, artıq bunun vaxtı çatıb. Küveyt KİV-ləri də Azərbaycan barədə yazır Azərbaycanın Küveytdəki səfirliyi yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib. Səfir Elxan Qəhrəman mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunması, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat verib. Mətbuat konfransı barədə Küveytdə gündəlik nəşr edilən ərəbdilli qəzetlərdə məlumatlar dərc edilib, KTV-2, Əl-Kut televiziya kanallarında respublikamızın turizm imkanlarına dair süjetlər yayımlanıb. Məlumatlarda bildirilir ki, Azərbaycan əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir. Bu ölkə İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə verdiyi önəm sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məbədi olan Heydər məscidi inşa edilib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə bu ölkənin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Diqqətə çatdırılır ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi İslam dünyasında həmrəyliyin güclənməsinə böyük töhfə olacaq. Azərbaycanın bu Oyunları yüksək səviyyədə təşkil etməsi, yarışların uğurla keçirilməsi İslam dünyasında həmrəyliyə, sülhə, əmin-amanlığa böyük təkan verəcək. İslam Həmrəyliyi Oyunları sülh, həmrəylik oyunlarıdır və Azərbaycan bütün dünya tərəfindən sülhün, əmin-amanlığın, barışın, birgəyaşayışın məkanı kimi qəbul edilir. Məlumatlarda qeyd edilir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin fevralından etibarən Küveyt də daxil olmaqla ərəb ölkələri ilə yanaşı, bir sıra dövlətlərin vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanılıb. “ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2017-ci ilin yanvarından etibarən həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq elektron viza üçün müraciət edə bilərlər. 2016-cı ilin noyabrında “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanıb. 2017-ci ilin yanvar ayından “Azərbaycan Hava Yolları” (AZAL) QSC-ə məxsus təyyarə Azərbaycan ilə Küveyt arasında ilk dəfə olaraq xüsusi çarter reysləri həyata keçirməyə başlayıb. Eyni zamanda, Küveytin “Əl-Cəzirə” aviaşirkəti də cari ilin yanvarından etibarən ilkin olaraq ayda bir dəfə olmaqla birbaşa çarter reysləri həyata keçirməyə başlayıb. İyun ayının 23-dən etibarən isə hər həftənin 1-ci və 4-cü günləri Azərbaycanın paytaxtı Bakı şəhərinə birbaşa uçuşlar həyata keçirəcək. İtaliya mətbuatında isə Azərbaycanda qadınların cəmiyyətdə roluna dair məqalə yayımlanıb İtaliyanın “Cronache di Napoli” və “Cronache di Caserta” qəzetlərində italyan analitiklər Domeniko Letisiya və Daniela Kafarellinin birgə müəllifi olduğu “Azərbaycan qadınları keçmiş və gələcək arasında” adlı məqalə dərc olunub. Məqalədə Azərbaycan qadınlarının ölkəmizin siyasi, sosial, iqtisadi və mədəni həyatında yaxından iştirakı, dövlətin və cəmiyyətin inkişafında əvəzsiz rolu barədə geniş məlumat verilir. Yazıda müəlliflər Azərbaycanın təkcə multikulturalizm sahəsində deyil, həmçinin gender bərabərliyi və qadınların hüquqlarının qorunması istiqamətində də dünyaya nümunə olduğunu bildirirlər. Məqalədə Azərbaycan dövləti tərəfindən qadınlara göstərilən xüsusi qayğıdan danışılır, ölkəmizdə sosial-iqtisadi, təhsil, mədəniyyət və əmək sahələrində gender bərabərliyinin təşviqi üçün hər cür şəraitin yaradıldığı vurğulanır. Bu istiqamətdə vacib addımlar kimi 1995-ci ildə Azərbaycanın BMT-nin “Qadınlara qarşı ayri-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyasına qoşulması, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Qadınların rolunun artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi”, həmçinin 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında imzaladığı fərmanlar haqqında məlumat verilir. Məqalədə tarixboyu Azərbaycanda qadınların dövlətin və cəmiyyətin idarəçiliyinin həyata keçirilməsində əhəmiyyətli rol oynadıqları, ən mühüm qərarların qəbul edilməsində kişilərlə bərabər yaxından iştirak etdikləri bildirilir. 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də müsəlman Şərqində ilk dəfə olaraq qadınlara səs hüququnun verildiyi qeyd olunur. Həmçinin Azərbaycan qadınlarının elm və təhsil sahəsində də böyük nailiyyətlər qazandıqları bildirilir, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva və tanınmış ədəbiyyatşünas, şərqşünas və tənqidçi-alim Aidə İmanquliyevanın xidmətləri sadalanır. Müəlliflər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müasir Azərbaycan dövlətçiliyi və cəmiyyətinin inkişafında fəal iştirak edən Azərbaycan qadınının ən parlaq siması olduğunu bildirir, onun Azərbaycanın tarixi və mədəni irsinin qorunmasında əvəzsiz töhfələrindən söz açırlar. Avstriya qəzeti: Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır Avstriyanın gündəlik “Tiroler Tageszeitung” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Qalib İsrafilovun Avstriya Mətbuat Agentliyinə (APA) müsahibəsini dərc edib. “Dağlıq Qarabağ: Azərbaycan BMT qətnamələrinə uyğun olaraq işğal edilmiş ərazilərin qaytarılmasını tələb edir” başlıqlı məqalə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyətə həsr olunub. Müsahibədə qeyd edilib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulması, sülh və təhlükəsizlik üçün təhdiddir. Rəsmi Bakı işğal olunmuş ərazilərin BMT-nın qətnamələri əsasında geri qaytarılmasını və öz torpaqlarından qovulmuş azərbaycanlıların vətənlərinə geri dönmələrini tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilir ki, Ermənistan yerli əhalini doğma torpaqlarından qovmaq üçün hərbi qüvvədən istifadə edib, status-kvonu qüvvədə saxlamaq üçün hazırda da güc tətbiq etməkdədir. Səfir qeyd edib ki, ATƏT-in Minsk qrupuna münaqişənin sülh yolu ilə nizamlanması üçün mandat verilib. Münaqişə dondurulmalı deyil, həll edilməlidir. BMT qətnamələrinin həyata keçirilməsi, eyni zamanda, 1996-cı ildə Lissabon Sammitində ATƏT-ə sədrlik edən İsveçrənin münaqişənin həlli üçün təklif etdiyi planın reallaşdırılması Ermənistanın müqaviməti ucbatından baş tutmayıb. Diplomat müsahibədə münaqişə kontekstində üç əsas komponentə diqqəti yönəldib: Minsk qrupu vasitəçilik forumu kimi, ATƏT cavabdeh təşkilat olaraq və hadisə yerindəki reallıq, yəni, Dağlıq Qarabağ və ümumilikdə regiondakı hadisələrin inkişafı. Müsahibədə bununla bağlı fəaliyyətin yetərli olmadığı da qeyd edilib və ATƏT-in bu münaqişəyə kifayət qədər diqqət ayırmaması tənqid olunub. Bildirilib ki, Minsk qrupuna siyasi direktivlər verilməlidir. Müsahibədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri Avstriyanın münaqişənin nizamlanması ilə bağlı səyləri, ATƏT-in Bakı və Yerevan ofislərinin bağlanması səbəbləri, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün həyat şəraiti və doğma torpaqlara geri dönmək arzusu, Ermənistanın münaqişənin nizamlanması ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe barədə də söz açılıb. Q.İsrafilov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün bütün tədbirləri görür. Lakin buna baxmayaraq, onlar öz torpaqlarına geri dönmək arzusundadırlar. “Nəyə görə onların taleyi Ermənistanın qərarından asılı olmalıdır?”, - deyə səfir vurğulayıb. “Embassy Brasilia” jurnalında Azərbaycanla bağlı məqalə dərc edilib Braziliyanın “Embassy Brasilia” jurnalında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Günü ilə bağlı keçirilmiş tədbirə həsr olunan məqalə dərc edilib. Səfirlikdən bildiriblər ki, ingilis və portuqal dillərində dərc olunan məqalədə səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək, Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyi, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş uğurlar haqqında məlumat verilir. Həmçinin Azərbaycan–Braziliya münasibətləri, xüsusilə ticarət dövriyyəsi, eləcə də Azərbaycanın iqtisadiyyatı, regional və qlobal layihələri haqqında məlumat oxuculara təqdim edilir. Bundan əlavə, məqalədə son illərdə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər, xüsusilə birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları haqqında da bəhs edilir. Pakistan mətbuatında da Azərbaycanla bağlı məqalələr dərc edilib Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyi və 28 May - Respublika Günü münasibətilə Pakistanın “Diplomatic Focus”, “Global Affairs” jurnallarında və bir sıra portallarda məqalələr dərc edilib. Məqalələrdə Azərbaycan dövlətçiliyinin təşəkkülü, ölkəmizin iqtisadi və turizm potensialı, erməni təcavüzü, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi barədə bəhs edilir. Dünyanın ən qədim və zəngin mədəniyyətlərindən birinə malik Azərbaycanın tarixi dövlətçilik ənənələrinin formalaşması prosesi ətraflı izah olunur. Qeyd edilir ki, Azərbaycan xalqı 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini yaradıb, ilk teatr və opera Azərbaycanda təsis edilib, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququ bu ölkədə verilib. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edib, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkənin inkişafı tamamilə yeni mərhələyə qədəm qoyub. Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi islahatlar nəticəsində ölkədə sabitlik təmin edilib, iqtisadi, sosial inkişafa nail olunub, insan hüquqları və demokratiya sahələrində tərəqqi əldə edilib. Məqalələrdə Azərbaycanın balanslı xarici siyasət yürütdüyü, Qərblə Şərq arasında mədəni körpü rolunu oynadığı nəzərə çatdırılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir. Azərbaycanın Qərblə Şərq, Şimalla Cənub arasında nəqliyyat və enerji qovşağı olduğu barədə söhbət açılan yazılarda zəngin xammal ehtiyatına malik bu ölkənin son 10 ildə əldə etdiyi iqtisadi uğurlardan bəhs edilir. Həmçinin Azərbaycanın tarixi, dini, mədəni abidələri, istirahət məkanları, turistlərin Pakistandan Azərbaycana getməsinin əlverişli yolları, “ASAN Viza” sistemi barədə məlumat verilir. Məqalələrdə Azərbaycanda İslam dəyərlərinin, İslam mədəniyyət nümunələrinin mühafizəsi, eyni zamanda, İslam həmrəylinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında da söhbət açılır. Vurğulanır ki, Azərbaycan ilk səfirliklərini müsəlman ölkələrində açıb, bu gün də İslam dünyasını birləşdirən İƏT və ISESCO kimi təşkilatların işində fəal iştirak edir. İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzünü birmənalı olaraq pisləyib və qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb edib. Bu işğala görə Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı bir dövlət kimi tanımayıb, Türkiyə isə onunla diplomatik əlaqələr qurmaqdan imtina edib. Oxucuların diqqətinə çatdırılır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bu ilin mayında Bakıda 54 İslam ölkəsinin atletlərinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunları keçirilib. Məqalələrdə vurğulanır ki, İƏT və Avropa Şurasının üzvü kimi Azərbaycan Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmindədir.
Bu Xəbər 2017-06-14 10:40:19 əlavə olunmuş və 49 dəfə baxılıb.
ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Xəbərlər xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6